Art Zone Simpoziumu, Qəbələ 2019

#ArtZone – Rəngkarlıq Simpoziumu. Mədəniyyət və sosial yönümlü bu incəsənət layihəsinin məqsədi çağdaş Azərbaycanın məşhur rəssamlarını bir yerə toplayaraq, onların gözü ilə ölkəmizin turizm bölgələrinin, bu bölgələrdə  inşa edilmiş  möhtəşəm turzim komplekslərinin və infrastrukturunun fərqli formada və formatda təbliği, eləcə də təşviqindən ibarətdir. Qəbələdə keçirilən ilk Simpoziumda rəssamlar bölgələrin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası və ən əsası – insanları ilə tanış olaraq bir həftə ərzində sərbəst mövzularda möhtəşəm rəsm əsərləri ərsəyə gətirmişdir. Bu əsərlər öz növbəsində hər dəfə  növbəti Simpoziumlar keçirilərkən   seyrcilərin diqqətinə təqdim olunur. Art Zone Simpoziumu müddətində tədbirin keçirildiyi məkanda bölgənin  orta məktəblərində təhsil alan, bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” də keçirilir.

https://youtu.be/IuqzLxjoyTU

2019-cu ili sentyabr ayının 6-dan 13-nə qədər Qəbələdə, “Qafqaz Sport Hotel”də Azərbaycanın tanınmış yeddi rəssamının iştirakı ilə keçirilən “Art Zone Week” rəngkarlıq Simpoziumu ölkənin incəsənət cameəsi üçün çoxdan gözlənilən gözəl bir ənənənin əsasını qoydu. Belə ki, məhz bu tarixdən başlayaraq adlı-sanlı ölkə rəssamları bir məkana toplaşaraq əl qabiliyyətini nümayiş etdirəcəkdilər. Təşkilatçıların düşüncəsinə görə bu Simpozium il boyu 5-6 dəfə, Azərbaycanın əsrarəngiz şəhər və turizm bölgələrində ənənəvi olaraq həyata keçməli idi.

Yeddi rəssaman iştirakı ilə yeddi gün ərzində davam edən birinci Simpoziumda fırça ustaları sərbəst mövzularda möhtəşən rəsm əsərləri yaratdılar. Hazırda bu rəsmlər ölkənin aparıcı turizm bölgəsi sayılan Qəbələdə, Heydər Əliyev adına Konqress Mərkəzində nümayiş olunur.

Xalq rəssamı Elyar Əlimirzəyev, əməkdar rəssamlar Müseyib Əmirov, Yelena Haqverdiyeva, Vüqar Muradov eləcə də  rəssamlar Elnur Babayev, Anar Hüseynzadə və Emin Əskərovun yaratdığı tabloları və Simpozium keçirildiyi günlərinin xatirəsini əks etdirən video çarxı diqqətinizə təqdim edirik.  

https://youtu.be/MBN6pF8ZX4Q

Art Zone Simpoziumu, Qusar 2019

Mədəniyyət və sosial yönümlü  “Art Zone Week” rəngkarlıq Simpoziumu planlaşdırıldığı kimi növbəti dəfə Azərbaycanın bir nömrəli dağ xizək mərkəzi sayılan “Şahdağ” Qış-yay Turizm Mərkəzində, “Şahdağ” Hotel & SPA-da baş tutdu. Artıq bu tədbirdə əvvəlkindən fərqli olaraq 13 rəssam iştirak edirdi ki, bu da öz növbəsində Simpoziuma olan marağın bariz göstəricisi sayılmalıdır. Dövlət Turizm Agentliyi və Turizm Bürosunun birgə dəstəyi sayəsində baş tutan ikinci Simpoziumda iştirak edən sənətkarlar “Şahdağ” mehmanxanasında onlar üçün yaradılan 5 ulduz şəraitə biganə qala bilməzdilər!

https://youtu.be/yihwJx7ZZF4

Burdakı əsrarəngiz gözəllikdən bəhrələnən ARTistlər sanki biri digəri ilə yarışa çıxmış kimi növbəti şedevrlərinə imza ataraq, Azərbaycan incəsənətinə növbəti tövhələrini verdilər. Simpoziuma ilk dəfə qoşulan Rəssamlıq Akademiyasının müəllimi Azər Əliyev, Rusiyadan xüsusi olaraq olaraq Simpoziumda iştirak etmək üçün təşrif buyuran Bayram Salamov, ölkənin tanınmış qrafik dizayneri və gözəl fırça ustası İlqar Tahiri, yaradıcılığını metal üzərində döymə-tətbiqi sənəti ilə başlayan, hazırda fəaliyyətini rəngkarlığla davam etdirən Rəfail Əliyev, məşhur Azərbaycan rəssamı Ucal Haqverdiyevin oğlu və bu soyadın davamçısı Butunay Haqverdiyev, əməkdar rəssam Eldar Qurbanov və həyat yoldaşı istedadlı rəssam Rəna Məmmədova ilk dəfə idi ki “Art Zone Week”in qonağı olurdular. Onlar ənənəyə uyğun olaraq yeddi gün ərzində Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Yelena Haqverdiyeva, Anar Hüseynzadə və Emin Əskərov kimi həmkarları və dostları ilə birlikdə öz məharətlərini göstərəcəkdilər.

Gözlənildiyi ki, Simpoziumda möhtəşəm əsərlər ərsəyə gəldi. Rəsmlər yaz aylarına qədər “Şahdağ” mehmanxanasının vestibülündə Azərbaycan incəsənətinin gözəl nümunələri kimi yerli və xarici turistlərə təqdim edildi. Bu əsərlərə nümayişə çıxarıldığı andan çoxlu sayda müştəri çıxsa da, “Art Zone Week” təşkilatçıları yaxın zamanlarda tabloların satışa cıxarılmayacağını bildirdilər. Səbəb sadədir – məqsəd bu əsərlərin uzun müddət geniş seyrci kütləsinə təqdim etməkdir. Bir də ki, adətən rəsm əsərləri illər keçdikcə daha da artıq dəyər qazanır.

Simpozium müddətində ərsəyə gələn rəsm əsərlərinin fotolarını və bir həftə ərzində yaşanan ən maraqlı anların video xülasəsini təqdim edirik.

Gözlərinə rəng qatmaq istəyənlər isə il boyu bu möhtəşəm əsərləri Qəbələdəki Heydər Əliyev adına Konqrsee Mərkəzində seyr edə bilərlər.

https://youtu.be/dxTMQ5p_Vc4