
Fərhad Yalquzaq
Həyat təsadüflərlə doludur və bəzən bir təsadüf insanın həyatının tamamilə dəyişməyinə səbəb olur. Yeddinci sinifdə oxuyan zaman məktəbin dəhlizində bir açıq sinifin qapısından içəri boylanan günə qədər mən kinomexanik olmaq istəyirdim. Filmləri çox sevirdim və kinomexanik olacağım təqdirdə istədiyim qədər filmə rahat, pulsuz baxa bilərdim. Təbii ki, bu bir uşaqlıq arzusu idi. Ancaq təsadüfən o sinifin açıq qapısından içəri boylanandan sonra hər şey tamamilə dəyişdi. Otaqda bir dəstə aşağı sinif şagirdi parta arxasında oturaraq, qarşılarındakı ağ kağızlara fırçalarla boyalar yaxırdı. Bu mənzərə mənim içimdə qəfildən yeni bir arzu doğurdu: mən də ağ kağızların üzərində boyalarla oynamaq istədim. Qapının qarşısında dayanaraq içərini marıtdayan arıq oğlan qarabuğdayı müəllimənin diqqətindən yayınmadı.
- Oğlum, nə istəyirsən?
- Bu rəsm dərnəyidir?
- Bəli.
- Mən də yazılmaq istəyirəm.
Müəllimə gözlərini qıyaraq diqqətlə mənə baxdı.
- Neçə yaşın var, oğlum?
- On dörd.
Sonradan Əzizə müəllimə (Azərbaycanın məşhur rəssamları Şahpələngin, Cavid Məmədovun anası) mənə təbəssümlə danışırdı ki, ilk öncə məni avaranın biri sanmış və dərhal qovmaq istəmişdi. Ancaq içində hansısa bir duyğu ona, bu yeniyetmə, arıq oğlana şans verməyi pıçıldamışdı. Və sonradan o, mənə verdiyi şansa görə heç zaman peşman olmadı.
Uzun sözü qısası, Əzizə xanımın əziyyəti və özümün səylə çalışmalarım sayəsində 1989-cu ildə, ikinci cəhddən Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil oldum. Mənim Rəssamlıq Texnikumundakı təhsil illərim çox ağır bir dönəmə, ermənilərlə savaş vaxtlarına düşmüşdü. Sonuncu kursu bitirməyimə iki ay qalmış texnikumu ataraq, tələbə yoldaşlarımdan dördüylə birlikdə könüllü cəbhəyə yollandım. Üç ay Tovuzun Əlibəyli kəndində, Çənlibel yüksəkliyində səngərdə dayandım. Sonra könüllü dəstələr ləğv olundu və mən texnikuma qayıdaraq uzun çətinliklərdən sonra diplom işini müdafiə etdim və sənədlərimi İncəsənət İnstitutuna yox, Azərbaycan Dövlət Dillər Universitetinə verdim. İmtahanlardan uğurla keçərək universitetin “İngilis dili-tərcüməçi” fakültəsinə daxil oldum.
O zaman rəssam dostlarım bu seçimimə görə məni qınayarkən onlara cavabım belə olmuşdu: “Mən rəngkarlıqla bağlı özümə lazım olan şeyləri artıq öyrənmişəm. İncəsənət İnstitutu mənim üçün yalnız vaxt itkisi olardı. Əvəzində zamanın nəbzini tutmaq, rəngkarlığa davam edə bilmək üçün yeni bir sənətə yiyələnmək lazımdır”. Belə də oldu. Mən ingilis dilini öyrənib BP şirkəyində işə düzəldim və o zamandan özümə çardaqda emalatxana tutaraq daim öz sənətimlə məşğul oldum. Azərbaycanda, Türkiyədə, Qazaxıstanda keçirilən çoxsaylı simpoziumlarda, saysız-hesabsız kollektiv sərgilərdə iştirak etdim. Müxtəlif illərdə dörd fərdi sərgim keçirildi.
BP-də işləyən zaman böyük bir arzum var idi. Mən işdən çıxmaq və yalnız rəngkarlıqla məşğul olmaq istəyirdim. İşimin məsuliyyəti mənim az qala bütün enerjimi alırdı. Yüksək vəzifə, yaxşı maaş məni məmnun etmirdi. Əlbəttə, sənət qurban tələb edir və bu cığıra ayaq basan insan fədakarlıq göstərməli, qarşısında duran çətinlikləri gözə almalıdır. Yalnız iyirmi ildən sonra mən artıq körpüləri sındırmağa qərar verə bildim: 2015-ci ildə mən ərizə yazaraq işdən çıxdım və özümü topralamaq, gələcək yol xəritəmi cızmaq üçün sivilizasiyadan uzaqlaşaraq dağın başında, əski bir ovçu daxmasındatək yaşamağa başladım. Səkkiz ay meşədə özümlə, düşüncələrimlə baş-başa qalandan sonra artıq yaradıcılığa yeni enerjiylə baş vurmağın vaxtı gəlib çatmışdı. Mən bütün çətinliklərə baxmayaraq, artıq heç yerdə işləməyəcəyimə, yalnız öz sənətimlə məşğul olacağıma qərar vermişdim. Və hal-hazırda bu çətin yolda irəliləməyə davam edirəm.
Başlanğıcda söyləmişdim ki, bir təsadüf insanın bütün həyatını dəyişməyə qadirdir. Mən məktəbin dəhlizindən keçərkən, kiminsə açıq qoyduğu sinif qapısından təsadüfən içəri boylanan zaman on dörd yaşım vardı. İndi qırx doqquz yaşım var və həmin təsadüflə tamamilə dəyişən həyatıma görə indi yalnız mutluluq hissi yaşayıram.