Nəcibə İsmayılova

İncəsənət- insanın yaradıcılıq bacarığının və təxəyyülünün ifadəsi və ya tətbiqidir. İncəsənət yalnız muzeydə və kətan üzərində görünmür. Sənət hər yerdədir. Oxuduğumuz musiqidə, yazdığımız sözlərdə və ya tikdiyimiz paltardadır. Sənət nə hesab ediriksə, odur. Mənim üçün də moda sənətdir. Başqalarının geyinmək istəyəcəyi fərqli geyimləri hazırlaya bilmək üçün yaradıcı və sənətkar olmalısan. Bu maraq məni rəssamlıqla birləşdirdi və özümü, arzularımı rənglərlə, rəsmlə ifadə etməyimə kömək oldu. Tanışlıq üçün deyim ki, 1988-ci ildə Füzuli rayonunda anadan olmuşam. 11 illik orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelyer-rəssamlıq ixtisası üzrə bakalavr, daha sonra isə Sənətşünaslıq ixtisası üzrə magistr təhsili almışam. Tələbə-rəssam olduğum vaxtlardan mənim üçün təsviri sənətin bütün janrları eyni dərəcədə maraqlı idi. Elə o zamandan muzeyləri və sərgiləri dolaşmaq, sənətkarların işlərindən zövq alıb, ilhamlanmaq ən sevdiyim hobbilərimdəndir. Tələbəlik illərindən başlayaraq başqa rəssamlarla birlikdə dövlət səviyyəli, müxtəlif miqyaslı sərgilərdə və simpoziumlarda iştirak etmişəm. Gözəllik mənim tanrımdır. Elə bu gözəlliyi duymaq, onu başqalarına da ötürmək üçün rəssamlıq və moda illustratorluğunu birlikdə istifadə etməyi seçirəm. Bunu iş fəaliyyətimə də yansıdıram. Əsərlərim vasitəsilə istəyirəm insanları inandırım ki, gözəlliklərlə dolu həyatımız ona diqqətli baxışın sayəsində yeni libasda, fərqli görkəmdə bizi qarşılamaq gücündədir. Çəkdiyim qadın portretlərində vizual olaraq gördüyümüz qadın incəliyi və nəcibliyi ilə yanaşı, onların daxili hissləri və həssas duyğularını da ifadə etməyə çalışıram.

Nəcibə İsmayılovanın rəsm əsərləri