Rauf Şamilzadə

BİR RƏSSAMIN FIRÇASI

 

Söz sənəti sahibləri hisslərini sözün, musiqiçilər səsin köməyi ilə yaratdığı kimi, rəssamlar da fikirlərini, duyğularını rənglərin dili ilə yaratmağa çalışırlar. Başqa sözlə desək, meydana gələn hər bir əsər rəssam təxəyyülünün nəticəsidir. Bu əsərlər zaman-zaman öz tamaşaçılarını toplayaraq, əsl sənət əsərinə çevrilir və bədii-estetik məziyyətlərilə zənginləşir.  Əsl rəssam olmaq üçün isə elə dünyaya fərqli bir istedadla gəlmək gərəkir. Çünki, əsərlərin dərin qatında daşıdığı məna-məzmun yükü böyük məna tutumu ilə dünyanı fəth edir, tarixdə qalır. Bu əsərləri yaratmaq üçün isə yalnız fitri istedad gərəkir. Fəxr və fəxarətlə deyə bilərik ki, bu cür istedadlı rəssamlar içərisində azərbaycanlı rəssamlar da hər zaman olub və olacaqdır. 

Haqqında danışacağımız rəssam Şamilzadə Rauf Sabir oğludur. O, 1986-cı il 25 dekabr tarixində Bərdə şəhərində anadan olmuşdur. Rəssamlığa uşaqlığdan böyük həvəs göstərmiş, bir çox maraqlı əsərlər yaradaraq ailəsini, məktəb müəllimlərini heyran etmişdir. Təsadüfi deyil ki, onun rəssamlıq qabiliyyəti elə (15 yaşından) zərgərlik sahəsində də uğurlar qazanmasına təsir göstərmişdir. Xeyli müddət zərgərlik sahəsində çalışmış lakin, rəssamlığa olan sevgi, bacarıq onu yenidən rəssamlığa qayıtmasına və daha ciddi bu sahədə fəaliyyətini davam etdirməsinə səbəb olmuşdur. Bir çox sərgilərə, simpoziumlara (“Qayıdış” adlı Qəhrəmanlara Dəstək Sərgisi (2021); “ART ZONE” simpoziumunda (2022) və s. ) dəvətlər alır uğular əldə edərək sənətini davam etdirməkdədir. Özünün etiraf etdiyi kimi sənətində yeni bir əhəmiyyətli dönüş Əməkdar rəssam Vüqar Muradovla tanışlığından sonra baş verib. Əsərləri ilə tanış olduqdan sonra Vüqar Muradovun ona verdiyi məsləhətlər yaradıcılığı üçün çox əhəmiyyətli olmuşdur.

Rəssam müəyyən bir həyatı, ictimai hadisəni fırça ilə təsvir edib bir rəsm əsəri yaradırsa burada mütləq müəyyən quruluş, obrazlar aləminin təşkilini həyata keçirməyi bacarmalıdır. Əsərdə aşılamaq istədiyi fikir və hissləri aydın, anlaşıqlı, gözəl yaratmalıdır. Rəssamın düşüncələri, fikirləri kağıza və ya kətana köçürüldükdən sonra bəlli olur.  Belə ki, rəssamın son illərdə yaratdığı əsərləri seyr etdikcə maraqlı mövzularla qarşılaşırıq. Məsələn, dik dabanlı qadın ayaqqabısı və içərisində siçan və banan təsviri olan bu əsəri rəssam bir qadının saatının oğurlanması hadisəsindən təsirlənərək yaratmışdır. Hətta sonralar müəllif tətəfindən bu əsər Ukrayna səfirliyinə hədiyyə edilmişdir. 

R.Şamilzadə yaradıcılığında portret, mənzərə, natürmortlar da müəyyən yer almışdır. Ümumiyyətlə, rəssam əsərinə təsadüfi ad seçmir. Əsasən əsərin adı məzmunla, ideya ilə bağlı olur. Məsələn, Kulon əsəri də ad baxımdan diqqətimizi cəlb edir. Burada üzündə gülüş, gözlərinin dərinliyində böyük kədər gizlənən bir Klonun təsviri olduqca düşündürücüdür.  

Bütövlükdə isə rəssam R.Şamilzadənin süjetli kompozisiyaları əhatə edən maraqlı əsərlərini çağdaş Azərbaycan rəngkarlıq saxlancına layiqli töhfə hesab etmək olar.   

Müəllif: Tarix elimləri üzre fəlsəfə doktoru Leyla Abbasova.

Rauf Şamilzadənin rəsm əsərləri