Art Zone Week I
Azərbaycanın ən istedadlı rəssamlarının qatıldığı «ART ZONE» simpoziumu ölkənin mədəni həyatında öz yeri və dəst-xətti olan bir hərəkat olub, ölkənin tanınmış fırça sahiblərinin daha çox tanıdılması, onların yaradıcılığına dəstək və rəssamlıq ənənələrinin yaşadılaraq növbəti nəsillərə ötürülməsi üçün çox uğurlu bir platformadır. Bu platforma eyni zamanda istər iştirakçı, istərsə də tamaşaçı qismində ölkənin elitasını bir araya gətirmək gücünə malik olmaqla həm turizm, həm də digər biznes sahələri ilə uğurlu işbirliyi imkanları təklif edir.
Art Zone Week II
“Şahdağ” Turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti “Art Zone Week” adlı rəngkarlıq simpoziumu Martın 4-də başa çatdı. Mədəniyyət və sosial yönümlü bu Layihənin məqsədi ölkənin fırça ustalarını bir məkanda toplayaraq, rəssamların gözü ilə regionun, burada yerləşən möhtəşəm turzim kompleksini ölkənin aparıcı turistik bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir.
Rəssamlar Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində sərbəst mövzularda rəsm əsərləri yaratdılar. Bununla yanaşı rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçirildi. 20-dən artıq gənc rəssam ölkənin adlı sanlı fırça ustalarının yaradıcılığı ilə canlı şəkildə tanış oldular. Qəbələdə keçirilən 1-ci Simpoziumda ərsəyə gələn və “Şahdağ” mehmanxanasının vestibülündə sərgilənən rəsm əsərləri burada istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olmuşdu. Artıq ikinci dəfə reallaşan “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, “Abşeron Hotels Group” və “ASPİ Winery”-nin təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri və təşkilatçısı Şakir Eminbəyli göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edərək bildirdi ki, ölkənin sayılıb seçilən fırça ustaları üçün burada ən yüksək səviyyədə iş və istirahət şəraiti yaradılıb.
Qeyd edək ki, Simpoziumda Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzoyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev, Milena Nəbiyeva və rusiyalı rəssam Bayram Salamov iştirak edirdi.
Simpozium Martın 4-də rəssamların burada çəkdikləri əsərlərindən ibarət yekun Sərgi ilə başa çatdı. Əsərlər mart ayının sonuna kimi “Şahdağ” mehmanxanasında sərgilənəcək.
Art Zone Week III
Art Zone Week IV
Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutan 4-cü Simpozium yeni il ərəfəsində, ənənəvi olaraq başı qarlı, möhtəşəm “Şahdağ” Turizm Mərkəzində keçirilirdi. Respublikamızın sayılıb seçilən, adlı-sanlı rəssamları üçün “Şahdağ” Hotel & SPA-da yaradılan ideal şəraitdə yaşayıb-yaratmaqdan həzz alaraq gözəl sənət nümunələri ərsəyə gətirdilər. Simpoziumun formatına uyğun olaraq, bu əsərlər yazın əvvəlinədək “Şahdağ”a gələn yerli və xarici qonaqların diqqətinə təqdim ediləcək, onların zövqünü oxşayacaq.
Ənənəyə sadiq qalaraq Simpoziumun keçirildiyi bölgənin orta məktəblərində təhsil alan şagirdləri və rəssamlığa həvəs göstərən gənclər “Art Zone”nın qonağı oldular. Adəti üzrə tanınmış fırça ustaları onlara “Ustad dərsləri” keçirdilər, rəngkarlıq sənətinin incəliklərindən söhbət açdılar.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın bu dəfəki “Art Zone Week” Simpoziumuna təşrif buyurması yeni bir ənənənin – mədəniyyətimizin inkişafına məsul dövlət məmurunun bu tip sosial layihələrin Dövlətin diqqət mərkəzində saxladığının əsasını qoymuş oldu.
Art Zone Week V
Növbəti, 5-ci “Art Zone” Simpoziumunu aprelin 21-dən 28-dək Masallı rayonunda gənc və istedadlı rəssamların iştirakı ilə keçirilir.
Bu dəfəki “Art Zone” əsasən gənc rəssamların iştirakı ilə baş tutacaq. Simpoziumun Masallıda keçirilməsində başlıca məqsəd ölkəmizin gənc fırça ustalarına meydan açmaq, onlara yaradıcılığını biruzə etdirmək üçün dəstək olmaqdır. Gənclərlə yanaşı Simpoziumda respublikamızın tanınmış ustad rəssamları da iştirak edirlər. Rəssamlar Azərbaycanın dilbər guşələrindən sayılan Masallının tarixi abidələri, gözəl məkanları, gülərüz, mehriban, qonaqpərvər insanları ilə tanış olacaqlar. Şübhəsiz ki, bu görüşlər və gəzintilər rəssamların yaradıcılığında öz təsirini göstərəcəkdir.
Ənənəyə uyğun olaraq rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gəncləri tanınmış fırça ustaları ilə görüşə dəvət edib, onlara “Ustad dərsləri” keçiriləcəkdir.
Simpoziumun gedişatını işıqlandırmaq məqsədi ilə ölkənin aparıcı media qurumları – yerli televiziya kanalları və radiostansiyalar, aparıcı xəbər portalları, eləcə də mədəniyyət mövzusundan bəhs edən bloggerlər dəvət ediləcəklər. Sosial şəbəkələr və müxtəlif internet resusları üzərindən saysız hesabsız paylaşmalar olunacaqdır.
Masallıda keçirilən 5-ci “Art Zone” rəngkarlıq Simpoziumu Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın şəxsi təşəbbüsü və dəstəyi, Milli Məclisin Mədəniyyət Komitəsinin, “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin, Avrasiya Beynəlxalq Ataşdırmaları İnstitutu İctimai Birliyinin, Regional hüquqi və İqtisadi maarifləndirmə İctimai Birliyinin və “Art Zone” Simpoziumunun rəhbəri Şakir Eminbəylinin təşkilatçılığı ilə həyata keçirilir.
“Art Zone” başa çatdıqdan sonra burada ərsəyə gələn rəsm əsərləri Masallı rayon Dövlət Qalereyasında May ayının ortalarına qədər sərgilənəcəkdir.
Art Zone Week VI




Art Zone Week VII
